Qızların ən yaxşı dostları nə oğlanlardır, nə də ki, pişiklər… Məşhur mahnıda da deyildiyi kimi qızların ən vəfalı rəfiqələri brilyantlardır. Qiymətli daşlar beşliyində də məhz brilyantlar fəxri kürsünün birinci pilləsində durur. Brilyantlardan sonra yaqut, sapfir, zümrüd və aleksandrit daşı gəlir. Əgər qiymətli daşların xüsusiyyətləri tanış deyilsinzisə, biz sizə bu barədə kömək edəcəyik.
Düzgün brilyantı seçmək üçün bir çox peşəkar zərgər 4 C – “clarity”, “cut”, “color” və “carat” üsulundan istifadə etməyi tövsiyə edir. Bu sözlər ingiliscədən tərcümədə karat, rəng, şəffaflıq və cilalanma deməkdir.
Almaz brilyantın ilkin versiyasına verilən addır. Səthi daha çox, alt hissəsi isə qübbə şəklində olan xüsusi formada kəsildikdə ona brilyant deyilir. Yəni, brilyant mədən daşı olan almazın xüsusi formasıdır. Almaz brilyantdan daha dəyərli olsa da, ikinci daha çox sevilir.
Çəkisi
Brilyantın çəkisi karatla ölçülür. Karat sözü qədim daş-qaş tacirlərinin qiymətli daşları çəkmək üçün istifadə etdikləri “carob” adı verilən bitkiyə deyilir. Yunan mənşəli “keration” sözü keçibuynuzu bitkisinin meyvəsi anlamına gəlir. Bu ağacın toxumları eyni ölçülü olduğu üçün, müəyyən müddət keçdikdən sonra qiymətli daşların çəkisini müəyyən etmək üçün ölçü vahidi kimi işlədilib. Bu termin qiymətli daşların, o cümlədən də brilyantın çəki vahidini təsvir etmək üçün istifadə olunur, burada 1 karat 0,2 milliqrama bərabər tutulur. Daha xırda brilyantlar isə karatla deyil, vahidlərlə ölçülür.
Lakin brilyantın qiyməti yalnız onun çəkisindən asılı deyil. Belə ki, eyni ağırlıqda olan iki fərqli brilyantın qiymətləri də fərqli ola bilər. Bu isə onların kəsim forması, rəngi və şəffaflığına görə dəyişməsi ilə izah olunur. Brilyant seçərkən onu da yadda saxlayın ki, iki karatlıq brilyant bir karatlıq brilyantdan 4 dəfə baha olacaq.
Rəng
Keyfiyyətli brilyant rəngli deyil, sadəcə müxtəlif çarlarla malik olmalıdır. Əgər belə bir daşı şəffaf suya daxil etsəniz, onda o, dərhal görünməz olacaq. Ümumiyyətlə, brilyant nə qədər rəngsizdirsə, bir o qədər qiymətlidir. Yeri gəlmişkən onu da qeyd edək ki, brilyant sözünün mənası təmiz su deməkdir. Parlaqlıq şkalası üzrə brilyantlar 1-dən 7-dək (1-dən 0,3 karata) və 1-dən 9-dək (0,3-dən 3 karat) müəyyən edilir.
Bununla yanaşı tamamilə rəngli brilyantlar da çox nadir tapılan qiymətli daşlar sayılır. Belə brilyantın rənglərini müəyyənləşdirmək üçün dünyada “GIA” qiymətləndirilmə sistemindən istifadə olunur. Bu sistemdə şkala beş qrupa bölünür, hər rəng brilyant isə latın əlifbasının hərfləri ilə: D (tamamilə rəngsiz brilyant) Z-yə (solğun sarı və ya qəhvəyi rəngdə brilyant) qədər kodlaşdırılır. Təcrübəli məsləhətçi bütün bu detallar barədə mütləq məlumat verməlidir.
Şəffaflıq
Şəffaflıq brilyantın bəlkə də, ən vacib istehlak xüsusiyyətlərindən biridir. Sadə dildə desək, daşın şəffaflığı onun daxilində və zahirində müəyyən zədələrin olmaması ilə izah olunur. Brilyantı digər qiymətli daş-qaşlardan fərqli edən kristallaşma müddətində içinə qarışan minerallardır. Bu minerallar nə qədər az görünərsə, brilyant bir o qədər bahalı hesab olunur. Təbii qarışığı olmayan, yaxud da görünməyən brilyant tapmaq çox çətindir və belə daşlar qüsursuz hesab olunur. Markalanması üçün I, V, S hərflərindən istifadə edilir. Əgər siz hər hansı bahalı daşı hərraca çıxartmağa hazırlaşmırsınızsa, yaxud sərmayə yatırmısınzısa, onda markalanma ilə çox maraqlanmağa ehtiyac yoxdur. Əsas odur ki, daşda gözlə görünən nöqsanlar olmasın.
Cilalanması
Daha bir vacib element daşın cilalanmasıdır. Bu dekorativ göstəricidir, lakin məhz o, əksər halda alıcıların seçimlərinə təsir edir. Hələ çox-çox illər bundan əvvəl də cilalsız brilyantlar rəqabətdən kənarda qalırdı. Xüsusi qeyd etmək lazımdır ki, almaz daşından cilalanan brilyantın keyfiyyəti onun kəsimi ilə birbaşa bağlıdır. İstifadə olunan texnologiya və daşın düzgün istiqamətdə kəsilməsi onun parlaqlığına səbəb olur. Cilalanmanın dəqiqliyi və incəliyi brilyantın işığı əks etdirmə və qırmaq nisbətini təyin edir. Kəsim nə qədər dəqiq və incədirsə, daşın gözqamaşdırıcı parlaqlığı bir o qədər çox olur. Yaxşı cilalanmış brilyantın əsas göstəricisi onun parlaq səthləridir. Daşın kəsimi “cut”, “polish” və “symmetry” terminləri ilə xarakterizə edilir. Daşın qiyməti onun cilalanmasına görə dəyişir.
Brilyantın sənədi
Sertifikatların üzərində brilyantın neçə karat olduğu dəqiqliklə yazılır. Hər bir sertifikatın üstündə onun fərdi nömrəsi, tarixi və hemoloji mərkəz haqqında məlumat öz əksini tapır, həmçinin mütləq daşın kənarlarının sayı göstərilir. Ümumiyyətlə, bu saxta daşla təmiz brilyantı bir-birindən seçmək asan məsələ deyil, onun öhdəsindən yalnız peşəkar zərgərlər bilər. Əgər brilyant standart ölçüdədirsə və adi xüsusiyyətlərə malikdirsə, onda müəyyən nüfuza malik olan mağaza da bu müştəriyə barədə zəmanət verə bilər.