Yumurta və ya yumurta ağı ilə hazırlanan maskaları çox eşitmişik və bəzilərimiz hətta bunu sınaqdan da keçirmişik. Bir çox qadınlar fikirləşir ki, yumurta maskası qırışlara çox yaxşı təsir edir, saçı qidalandırır və tökülməsinin qarşısını alır. Mütəxəssislər yumurta maskası haqqında bu inancın haradan qaynaqlandığına bir aydınlıq gətirmişdir.
Çiy yumurta və üz dərisi
Yumurtanın tərkibində protein, su, duz və yağ vardır. Bir yumurta ağının 7 %-i protein, 2%-i natrium, 1 %-i kalium və 1%-i magneziumdan ibarətdir. Bu proteinlərdən biri də albumindir. Maska olaraq dəriyə çəkildikdə yumurtanın içindəki albumin quruyaraq dəriyə bir gərginlik gətirir. Dəridəki bu keçici gərginlik, qırışların açılması kimi bir hiss yaşadır. Maska yuylduqdan sonra bu təsir davam etmir və hiss yox olur. Yumurtanın tərkibində olan duz dəridəki su ilə birləşərək üzdən nəmin çəkilməsinə səbəb olur. Yumurta ağında dəriyə xeyirli olan vitaminlər də yoxdur.
Üz dərisinə çiy yumurta çəkməmək üçün 7 vacib səbəb
1. Yumurta tez xarab olmağa və bakteriya yaratmasına çox yaxın bir maddədir. Təmiz və çatlamamış qabıqlı çiy yumurtanın tərkibində belə, Salmonella bakteriyası ola bilər. Bu bakteriya yumurta bişdikdə təsirini itirir. Canlı salmonella bakteriyasının üzdə yaratdığı fəsadlar sübuta yetirilmişdir.
2. Yumurta maskasının yaratdığı keçici gərginlik və sonrakı quruluq, dərinin pH, yağ və nəm tarazlığını poza bilər. Xüsusiylə, həssas, sızanaqlı və ya üzündə açıq yarası olanlar salmonella bakteriyasının mənfi təsirini düşünərək bu maskadan kənar durmalıdır.
3. Saça dəstək üçün edilən yumurta maskası dəridə olan eyni riski daşıyır. Saçdan yumurta maskasını yumaq çətin olduğu çün saç soğanaqlarını tutma ehtimalı da böyükdür.
4. Bəzi insanların yumurtada olan proteinlərə qarşı allergiyası ola bilər. Üzə və saça çəkilən yumurta güclü allergiyaya səbəb ola bilər.
5. Üzə çəkilən çiy yumurtanın gərginləşdirici təsiri maska üzdə olduğu müddətcə davam edir. Maskadan sonra bu təsir yox olur. Yumurta maskası yerinə güvənilən bir üz kremi istifadə etmək daha doğrudur.
6. Estetik baxımdan düşünürüksə, yumurta dəriyə çəkildikdə üz yapışqan olur, saça bulaşır. Hətta yuduqdan sonra da getməyən bir qoxusu da vardır.
7. Yumurtanın tərkibindəki bakteriyalara görə çiy yemirik. Bəs onda niyə üz dərimizə çəkək? Yumurta kimi bu cür qidaları üzünüzə çəkməzdən əvvəl özünüzə bu sualı verin: “Bunu çiy yesəm nə olar?” Əgər orqanizmə ziyan verdiyini düşünürüksə, böyük bir ehtimalla dərimizə də yaxşı təsir etməyəcəyini qəbul etməliyik.