Estetik-plastik əməliyyatlar ölkəmizdə də bir çox qadınların həyatının ayrılmaz hissəsinə çevrilib. Elə xanımlar var ki, belə əməliyyatlar onlardan ötrü həyatın vazkeçilməz tələbatıdır. Azərbaycanda da bu cür əməliyyatlar az qala adiləşməkdədir. Estetik əməliyyatların neçəyə başa gəlməsi isə hər zaman diqqət mərkəzində olub. Odur ki, bir neçə mərkəzə müraciət etdik.
“Xətai” estetik mərkəzindən öyrəndik ki, burada hər növ əməliyyat aparılır. Belə ki, burun çəpəri əyriliyi və plastik əməliyyatı 1200 manata həyata keçirilir. Əgər burun daxilində başqa problemlər olsa, əməliyyatın qiyməti 2 min manatadək artır. Göz ətrafında qırışları gərdirmək üçün tələb olunan məbləğ isə 800 manatdır. Bədəndən artıq yağların götürülməsi xanımlara 1500 manata baş gəlir. Süd vəzisinə silikon qoydurmağın qiyməti 2500 manatdır.
“Estetik Med Plaza”da isə süd vəzilərinə silikon qoyulmur. Yalnız dolğu vasitəsilə dodaqlar böyüdülür. Burada burun əməliyyatları 1000 manata başa gəlsə də, uzun gərdirilməsi 1000-1500 manatdır. Xəstəxanada bədəndən artıq yağların götürülməsi əməliyyatı 1500-2300 manatadır.
Maraqlıdır, bəs qadınlar keçirdikləri əməliyyatların sağlıq baxımından nə qədər zərərli olduğunu bilirmi?
Əslində hər bir xanım azacıq araşdırma aparsa, həvəslə qol qoyduğu bu əməliyyatların orqanizmə vurduğu dəhşətli zərərlərdən asanlıqla xəbərdar ola bilər. Məsələn, çoxsaylı cərrahi müdaxiləyə məruz qalan xanımlar var ki, gözəl olmaq əvəzinə donuq baxışlara sahib olublar. Üz dərisini gərdirən xanımlarda isə adətən mimik işarələr olmur, yəni üz-göz hərəkəti edə bilmirlər. Nəticədə donuq və ifadəsiz sifət quruluşu əmələ gəlir ki, bu da ətrafdakılara xoş təsir bağışlamır.
Qeyd edək ki, ölkəmizdə xanımlar ən çox qaş qaldırma, dodaq böyütmə kimi əməliyyatdan istifadə edirlər. Mütəxəssislər deyir ki, qaş əməliyyatı zamanı qaşlar ən çoxu 3 millimetr qaldırıla bilər. Xəbərdarlıq edilsə də xəstələr qaşlarının ən az 5 millimetr qaldırılmasını istəyir. Üz gərdirmə əməliyyatı zamanı ən azı 10 yaş cavanlaşma müşahidə edilir.
Ümumiyyətlə, bədənin hansı hissəsində aparılmasından asılı olmayaraq hər bir plastik cərrahiyyə əməliyyatı insan sağlamlığı üçün zərərlidir. Son illərdə geniş vüsət almış bədən və üz ölçülərinin silikon vasitəsilə artırılması bir çox mənfi effekt yaradır. Belə ki, bu süni materiallar yüksək günəş radiasiyasının təsirindən əriyib müxtəlif istiqamətlərə axaraq məqsəd olan gözəlliyin tam əksini – eybəcərlik yaradır. Bu səbəbdən də son iki ildə silikon əvəzinə təbii piydən istifadəyə üstünlük verilir.
Qadınlar arasında geniş yayılmış burun plastikası isə burundaxili bitişmələrin əmələ gəlməsinə səbəb olaraq tənəffüsün pozulması ilə nəticələnir. Hipoksiya ilə əlaqədar ortaya çıxmış yuxu pozğunluğu və yaddaşsızlıq əsas ağırlaşmalardan biri kimi qiymətləndirilə bilər.
Liposaksiya əməliyyatı zamanı maksimum 6 litr piyin götürülməsi mümkün olsa da bir çox cərrahlar artıq tamah göstərərək daha artıq piy xaric edir, bu da orqanizmdə maye balansının pozulmasına və bu da öz növbəsində xəstənin ölümünə gətirib çıxarır. Bədəndən artıq yağların götürülməsi əməliyyatı, yəni lipoksaksiya isə daha təhlükəlidir. Çünki bu zaman orqanizmdə maddələr mübadiləsi pozulur. Plastik əməliyyat zamanı müəyyən bir hissədən yağ götürülürsə, piy mübadiləsi, karbohidrat, zülal mübadiləsi də pozulur, orqanizm özünü bərpa edə bilmir. Mütəxəssislər süd vəzilərinin böyüdülüb-kiçildilməsinin də ən təhlükəli əməliyyat hesab edirlər.
Əlavə edək ki, plastik əməliyyat keçirən insanlar gec-tez nevroloji və psixoloji sarsıntı keçirirlər. Əməliyyatlar zamanı insan orqanizminə yeridilən bu maddələr gələcəkdə onkoloji xəstəliklərin əsasını qoya bilər. Bu cür əməliyyatlar insan şüurunda da dərin iz buraxır.