analıq və hamiləlik

Bəzi valideynlər kitabların körpələrin inkişafına verdiyi töhfələrdən xəbərsiz olurlar. Ona görə də, körpə ancaq 3 yaşdan sonra, o da uşaq bağçasında kitabla tanış ola bilir. Hətta bəzi valideynlər uşağı layla və nağıllardan da məhrum edirlər. Ancaq elm sübut edib ki, uşaqlara mütləq kitab oxunmalı, heç olmasa, nağıl danışılmalıdır.

Bəs hansı yaşdan başlayaraq uşağa kitab oxumaq lazımdır? Ən əsası isə bunun körpəyə nə kimi faydaları ola bilər?

Türkiyənin tanınmış psixoloqlarından olan Reyhan Algül bu suallara cavab verib.

Publika.az psixoloqun bu mövzudakı məsləhətlərini təqdim edir:

Körpəyə kitab oxumağa nə vaxt başlamaq lazımdır?

Psixoloqun sözlərinə görə, bunun üçün konkret vaxt müəyyənləşdirmək düzgün olmaz:

“Bu barədə dəqiq araşdırmalar aparılmayıb. Ancaq bir çox psixoloqun gəldiyi nəticə budur ki, 6 aylıq körpə artıq kitabla tanış olmalıdır. Təbii ki, körpə oxuduqlarınızı başa düşməyəcək. Ancaq hər halda sizi eşidəcək və ona vaxt ayırdığınızı, onu bir şəxsiyyət kimi qəbul etdiyinizi hiss edəcək. Bu, körpənin zehni inkişafı üçün çox əhəmiyyətlidir. Həm də körpə ilə aranızdakı ünsiyyəti möhkəmləndirəcək”.

Reyhan Algül bildirir ki, hətta bəzi psixoloqlar hamilə qadınların da kitab oxumalı olduqlarını düşünürlər. Çünki bu həm ana namizədinə, həm də ana bətnindəki körpəyə yaxşı təsir edir.

Hansı kitabları oxumalı?

“Hamilələr kitab oxumalıdırlar. Əsasən, romantik mövzulara və ya uşaq kitablarına üstünlük verməlidirlər. Qorxu, şiddət ehtiva edən, hamilə qadını həddən artıq stressə salıb həyəcanlandıra biləcək kitablar isə tövsiyə edilmir”.

Psixoloqun sözlərinə görə, körpəyə oxunacaq kitab seçərkən çox diqqətli olmaq lazımdır:

“Kitabı elə seçmək lazımdır ki, o, körpənin zehni inkişafını dəstəkləsin. Şəkilli, illüstrasiyalı kitablar yaxşı seçimdir. Kitab oxuyarkən mimikalardan və uyğun səs tonundan istifadə etmək lazımdır”.

Doğru zamanda!

Körpəyə kitab oxumazdan əvvəl doğru zamanı müəyyənləşdirməyin vacib olduğunu deyən psixoloq körpə acdırsa və ya narahatdırsa, ona kitab oxumağın heç bir nəticə verməyəcəyini vurğulayır:

“Körpənin kefi kök olanda və ya yuxu saatından əvvəl ona kitab oxuya bilərsiniz. Unutmayın ki, körpənin sıxılmaması üçün hər dəfə 4-5 səhifə oxumalısınız. Bundan artıq oxusanız fikri yayınacaq. Körpənin kitaba toxunmasına, şəkillərə baxmasına icazə verin. Eyni kitabı dəfələrlə oxuya bilərsiniz. Çünki körpələrin həyatında təkrarların xüsusi əhəmiyyəti var”.

Kitab körpəyə necə təsir edir?

Reyhan Algül bildirir ki, alimlər yanında kitab oxunan körpələrin daha tez dil açdıqlarını düşünürlər.

“Təbii ki, kitabın körpənin zehni inkişafına bilavasitə təsiri var. Belə uşaqlar daha hissiyyatlı olurlar. Dinləmə qabiliyyətləri inkişaf edir. Məktəbdə uğur qazanma ehtimalları artır. Sonrakı illərdə onların söz bazası yaşıdlarından xeyli çox olur. Belə uşaqlara kitab oxuma vərdişi aşılanır. Beləliklə, uşaq gələcək təhsil həyatında çətinlik çəkmir”.

Psixoloq onu da qeyd edir ki, valideynlər arasında vaxt bölgüsü olmalı, kitabı bir gün ana, o biri gün ata oxumalıdır. Çünki körpə onunla çox vaxt keçirən və ona kitab oxuyan valideynə daha çox bağlanır. Bu da sonrakı illərdə problemlərə səbəb ola bilər.

Əvvəlki məqaləAnadan övlada ötürülən xəstəliklər
Növbəti məqalədəƏgər çörək yeməsək