Eşq çox qəribə bir hissdir. Onu ilk dəfə gördüyünüz anı yadınıza salın. Çox güman ki, əksəriyyətiniz belə düşünmüşdünüz: “Budur, mənim adamım məhz budur!” Bəlkə də bu, nə ilk baxışdan sevgi, nə də ki, kinolarda göstərilən romantik qarşılaşmaların təcəssümüdür. Bu, sadəcə olaraq sonradan səni özünə məhkum edəcək eşqin sehrli bir tilsimidir. Görəsən, niyə belə düşünürük, hə? Axı həmin anda biz o insanı tanımırdıq, nə şəxsi keyfiyyətlərinə bələd idik, nə də ki, xarici görünüşü və davranışları barədə çox da detallı incələmə etməmişdik. Bir hiss – sadəcə çox qəribə bir hiss dolur içinə və sən həmin andaca əmin olursan ki, budur mənim gözlədiyim şəxs. Maraqlısı odur ki, həmin anda qəribə bir doğmalıq hissi də keçirirsən. Sanki sən o insanı illərdir tanıyırmışsan və ya daha öncə hardasa görmüsən, uzun zamandır da axtarırmışsan. Hələ baxışları demirəm. Sözlə ifadə edilməyəcək dərəcədə sehrli bir işıq hiss edirsən onun baxışlarında. Yenə deyirəm, çox qəribə bir doğmalıq…
Xarici görnüşdən onunla çox oxşadığınızı sizə deyən olub? Bax maraqlı məqamlardan biri də budur. Hisslərin, fikirlərin doğmalığından əlavə, bir də simaların doğmalığı, daha dəqiq desək, oxşarlığı var. Mən uşaq olanda böyüklərin bir-birinə çox bənzəyən cütlük görərkən belə bir ifadə işlətdiyini tez-tez eşidirdim: “Gör necə oxşayırlar. Ona görə deyirlər də – ərlə arvadın torpağı bir yerdən götürülüb”. Böyüdükcə bu fikirlə mən də razılaşmağa başladım. Artıq bütün cütlüklərdə ilk olaraq ona fikir verirdim. Düşünməyə başladım: görəsən, biz niyə özümüzə bənzəyən birinə aşiq oluruq ki? Hesab edirdim ki, bu, hardasa, psixoloji olaraq özünü sevgiyə dayana bilər. Çünki biz hər nə olursa, olsun, hər zaman özümüzü sevmişik. Hətta özünəgüvən hissi ən az olan insanda belə özünə qarşı kiçik də olsa sevgi var. Bu qənaətə gəlmişdim ki, bizə oxşayan biri bəlkə də məhz bizə oxşadığı üçün daha cəlbedici görünür. Araşdırmağa başladım və gördüm ki, sən demə, alimlər məndən qabaq araşdırmağa başlayıblarmış))\Elmi araşırmalar göstərir ki, insanlar, həqiqətən də ya özünə, ya da əks-cinsdən olan valideyninə (kişidirsə, anasına, qadındırsa, atasına) oxşayan birinə aşiq olurlar. Diqqət etsəniz, görəcəksiniz ki, əksər kişilərin seçimi, qeyri-iradi olsa da öz analarına oxşayan qadınlar olur. Qadınlar da öz növbəsində, atalarına oxşayan kişilərə maraq göstərirlər.
Tədqiqatlar göstərir ki, uzun illər birlikdə olan cütlüklərdə həm fiziki, həm də mənəvi baxımdan oxşarlıqlar illər keçdikcə daha da artmağa başlayır. Xarakter oxşarlığı ayna effektindən (insanların bir-birilərinə məxsus özəllikləri mənimsəməsi və təkrarlaması) yaranır. Yəni, insan sevdiyi şəxsin vərdişlərini, hətta bədən dilini belə mənimsəməyə başlayır.