Artıq bir çox ölkələrdə alış-verişin cinsiyyətə görə fərqli bir fəaliyyətə çevrildiyini görə bilərik. Belə ki, alış-veriş daha çox qadınların işinə çevrilib və onlar alış-veriş fəaliyyətinə kişilərdən daha müsbət münasibət bəsləyirlər. Araşdırmalar qadınların kişilərə nisbətən daha aktiv alış-veriş etdiklərini, daha çox vitrin gəzdiklərini və məhsul axtardıqlarını göstərir. Kişilərdən fərqli olaraq, bir çox qadınlar alış-verişi istirahət fəaliyyəti olaraq da görür.
Psixoloqların sözlərinə görə, alış-veriş sevgisinin altında bir sıra psixoloji məqamlar dayanır:
Satınalma məmnuniyyət hissi yaradır.
Alış-veriş əvvəllər ehtiyacları ödəmə demək idisə, bu fəailiyyət son illərdə bəzi emosional ehtiyacların yerinə yetirilməsinə də cavab verir. Çünki yeni bir şey almaq bir çox insana özünü yaxşı hiss etdirir və güc hissi yaradır. Bununla da, satın alınan şeydən çox satınalmanın yaratdığı məmnuniyyət hissi ön plana keçir.
Alış-veriş kədər hissini azaldır.
Bir sıra araşdırmalar alış-veriş etmənin hirs və qəzəbi deyil, o an üçün kədəri azaltdığını sübut edir. Sinir daha çox nəzarət olunan hiss olsa da, kədər belə deyil. Kədər çox zaman nəzarət edə bilmədiyimiz bir duyğudur. Çünki kədərli olan insanlar ümumiyyətlə kədərlərin qaynağını başqaları ilə və ya şansla əlaqələndirməyə meyilli olurlar. Bu səbəbdən alış-veriş itirilmiş idarəetmə hissini bərpa etmək üçün istifadə edilə bilər. Alış-veriş hansı mağazadan və nə alacağımız kimi bir çox fərdi seçimi və fərdi nəzarəti özündə birləşdirən bir fəaliyyətdir.
Qazanmaq və sahib olmaq serotoninin səviyyəsini artırır.
Xoşbəxtlik hormonu olaraq da bilinən serotoninin qeyri-kafi səviyyədə olması depressiya duyğuları ilə bağlı olur. Həyatımızdakı bir çox fəaliyyət əslində serotonin təsirini yarada bilir. Məsələn, gün işığı, məşq, masaj və ya xoşbəxt olduğumuz anlar haqqında düşünmək. Eyni zamanda qazanmaq və sahib olmaq da eyni təsiri yaradır. Buna alış-veriş etmək və ya hədiyyə vermək də daxildir. Depressiya zamanı daha çox itki hissi ön planda olarkən almaq və sahib olmaqla bu hiss tərsinə çevrilir. Bu səbəblə də bir çox insanlar, əsasən də qadınlar sıxıldıqda ya da depressiv hiss etdikdə alış-verişə yönəlirlər.
Niyə endirimli alış-veriş daha cəlbedicidir? Burada qaçırmaqdan qorxmaq hissi ortaya çıxır (fear of missing out). Halbuki 70% endirimə düşən bir köynəyi endirimdən əvvəl niyə bəyənmədiyimizi bilmirik. Təbii ki, bu qorxu başqaları ilə rəqabət etdiyimizi bilməyimizlə daha da artır. Hətta bəzən qalib gəlmək hissi satın almanın da önünə keçir. Belə ki, endirimdə olan bir çox gözəl məhsulu satın ala bilmək insanda zəfər hissi yaradır. Çünki başqalarının eyni izdiham içində sahib olmaq istədiyi bir şeyə siz sahib olmusunuz.
Endirim əsnasında oradakı alıcıların çoxluğu duyğuların təsirini artırarkən rəqabət hissi də əslində aldığımız şeyin dəyərini və ya ehtiyacımızı şüurlu şəkildə dəyərləndirməyimizə mane olur. Bəzən gerçəkdə qiyməti daha ucuz olan və daha tez-tez istifadə edə biləcəyimiz bir köynəkdənsə, qiyməti çox yüksək olub indi endirimə düşən amma əslində o qədər də tez geyinməyəcəyimiz bir köynək daha cəlbedici gəlir. Bu zaman qənaet etdiyimizi düşünürük, lakin xərclərin səviyyəsinə baxdıqda bunu demək mümkün olmur.
Alış-veriş həyatınızın mərkəzinə çevrildikdə təhlükəli olmağa başlayır. Alış-veriş etmək yaxşı hiss etdirdiyi üçün bu öz daxilində sonsuz dövr halına gələ bilir. Yəni bir şey satın alaraq nə qədər xoşbəxt və şən oluruqsa, xoşbəxt hiss etdirən fəaliyyəti təkrar etməyə ya da o fəaliyyətdən daha çox etməyə meyilli oluruq. Belə ki, alış-veriş edərək daha yaxşı hiss etmə, daha yaxşı hiss etdiyin üçün yenə alış-veriş etmə və sonra yenə yaxşı hiss etmə kimi sonsuz dövr yaranır. Burada isə asılılıq təhlükəsi ortaya çıxır.
Alış-verişin şəxsin gündəlik həyatına və funksionallığına mənfi istiqamətdə təsir etməyə başlaması, gün ərzində bununla bağlı ciddi məşğuliyyətin meydana gəlməsi, alış-veriş edə bilmədiyindən ya da hər hansı bir şeyi satın ala bilmədiyində ciddi daxili, ruhi narahatlıqların yaranması və bütün bu fəaliyyətlərin nəticələrində zərər görməyə başlama (ödəyə biləcəyindən daha çox borcun altına girmə) alış-veriş aludəçisi olduğunuz və bunun təhlükəli həddə gəldiyindən xəbər verir.
Alış-veriş xəstəliyini müalicə etmək mümkündür!Psixiatriyada alış-veriş xəstəliyi olaraq xarakterizə olunan anlayış ilk olaraq 1915-ci ildə Kraepelin tərəfindən “oniomania” yəni satınalma manik davranışı olaraq təyin olunub. Alış-veriş alüdəçilərinin əksəriyyəti xoşbəxt deyil və niyə xoşbəxt olmadıqlarını bilmirlər. Bu şəxslər adətən daxili boşluq hiss edirlər və bu boşluğu yemək yemə və ya alış-veriş ilə doldurmağa çalışırlar. Bu boşluğun və kədərin mənbəyini öyrənmək üçün mütəxəssisə müraciət etmək lazımdır. Belə ki, bir çox hallarda insanlar alış-veriş alüdəçiliyinə görə psixoloqa müraciət etmək istəmirlər. Lakin bilmək lazımdır ki, bu alüdəçiliyin arxasında müxtəlif psixoloji problemlər dayana bilər və onların aradan qaldırılması bu zaman alüdəçiliyin aradan qaldırılması üçün önəm kəsb edər.