Maddi yetərsizlik qorxusu
Kişilərin gec evlənməsinə bir çox amillər təsir göstərir. Maddi durumu yaxşılaşdırmaq, karyera qurmaq istəyi gec evlənməyə səbəb olan amillərdəndir. Evlənmək fikrinə düşən gəncin ilk olaraq, öz maddi durumunu yaxşılaşdırmağı vacib şərtdir. Çünki maddi cəhətdən ətrafındakı insanlardan, xüsusilə də valideynlərindən asılı olan gəncin öz ailəsi ilə bağlı qərarlarda müstəqil olmayacağı məlumdur. Bu da öz növbəsində gənc ailənin sağlam təməllər üzərində formalaşmasına mane olacaq. Digər tərəfdən əvvəllər ailə qurmaq üçün kiçik maliyyə xərcləri tələb olunurdusa, indi valideynlərin köməyi olmadan gənclər təkbaşına bu işin öhdəsindən gələ bilmirlər. Hər bir gənc istəyir ki, öz məvacibi ilə ailəsini dolandırmaq gücünə malik olsun, sonra evlənsin. Bəzi kişilər maddi baxımdan ailəsini təmin edə bilməyəcəyindən qorxduğundan evlilik fikrinə soyuq yanaşır. Axı ailəsinin, həyat yoldaşının qarşısında kim gözükölgəli olmaq istəyər? Həmçinin ailə qurmaq üçün ilk növbədə mənzil lazımdır. Təhsil almaq, iş axtarmaq, öz ayaqları üzərində dayanmağı bacarmaq, bütün bunlar uzun illər tələb edir. Bu amillər də həmin gənclərin evliliyi ikinci plana atmasına səbəb olur.
Məsuliyyətə hazır olmamaq
Evlilikdən qaçanların bəziləri isə bunu psixoloji nüanslarla əlaqələndirirlər. Bəzi kişilər mənəvi baxımdan ailənin yükünü çəkə bilməməkdən qorxurlar. Hər zaman bütün problemlərini valideynlərinin üzərinə atan, sərbəst düşünməyi, qərar qəbul etməyi bacarmayan, bu səbəbdən də ailə başçısı rolunun öhdəsindən uğurla gələ biləcəyinə inanmayan oğlanlar evliliyi ağır bir yük kimi görüb, özlərini bu çətinliyə salmaq istəmirlər.
Uğursuz sevgi təcrübəsi
Bəzi hallarda isə valideynlər övladlarının seçiminə çox qarışırlar. Onlar oğullarının sevib-seçdiyi biri ilə ailə qurmasına qarşı çıxırlar. Bu da pis nəticəyə gətirib çıxarır. Gənc oğlan ruh düşkünlüyünə – depressiyaya düşür və ailə qurmaq fikrindən daşınır. Həmçinin gəncin sevdiyi qızla müxtəlif səbəblərdən münasibətinin alınmaması da, onu evlilikdən soyudur.
Azadlığı qorumaq istəyi
Oğlanların gec evlənməyinin psixoloji səbəblərindən biri də onların müstəqilliklərinin, azadlıqlarının itiriləcəyindən və ya məhdudlaşacağından qorxmalarıdır. Gənclər gec evlənməklə ailəyə bağlanıb qalmaqdan, həyat yoldaşından asılı olmaqdan qaçır, sərbəstliklərini qorumağa çalışırlar.
Seçim edə bilməmək
Elə oğlanlar var ki, seçim etməkdə çətinlik çəkirlər. “Kiminlə evlənim, mənim kriteriyalarıma uyğun bir qız da yoxdur” şüarını əldə bayraq edərək, illərini axtarışa sərf edirlər. Yaş artdıqca evlənəcəkləri qızda görmək istədikləri xüsusiyyətlər də çoxalır. Xüsusən də yaşı 30-a yaxınlaşan kişilər həddən artıq seçici olurlar. Onlar qarşı cinsdə hər bir xırdalığa fikir verirlər. İdeal insanın olmadığını bilsələr də, çox vaxt o idealı axtardıqlarına görə də evlənməkdən qaçırlar.
İnamsızlıq, şübhə…
Çoxlu sayda “məhəbbət macərası” yaşamış oğlanlar da evlənməyə tələsmirlər. Bunun səbəbi onların qızlara qarşı olan inamının zədələnməsidir. Evlənəcəkləri insanın da bu yaşa qədər onun həyatında olan qızlar kimi zəngin “sevgi təcrübəsi”nə malik ola biləcəyini düşünərək, qızlara qarşı şübhə ilə yanaşırlar. Bu da nəticədə onların seçim etməsinə təsir göstərərək, gec evlənmələrinə səbəb olur. Bir sözlə evlənməmək istəyinin kökündə müxtəlif səbəblər dayanır. Ancaq yaşı artıq 30-u haqlamış kişilər, ailə qurmaq üçün elə də çox zamanlarının qalmadığını bilməlidirlər. Psixoloqlar kişilər üçün 25-30 yaşlarında ailə qurmağın daha məqsədəuyğun olduğunu hesab edirlər. Yaşları 30-dan yuxarı olan oğlanların evlənmək istəməməyi isə artıq valideynlərin həyəcan təbili çalmasına səbəb olmalıdır. Çünki bu yaşdan sonra evlənmək çox çətin olur. Hətta gec evlənməyin sağlamlığa təsir göstərdiyi də aparılan bir çox araşdırmalar nəticəsində müəyyən olunub. Və nəhayət, unutmayın ki, sözün əsl mənasında kişi olmaq o deməkdir ki, sən kiminsə dayağı, arxası, köməyisən, ailənin himayəçisisən…Güclü cinsin nümayəndələrinin gücü də məhz bundadır!