Qadın kimi doğulmaq, yaşamaq, yaşamağa çalışmaq… Çətindir. Heç vaxt özü ola bilmir ki qadın. İmkan verilmir. Bəzən ayaqları üzərində durmağa çalışır, bütün divarları yıxaraq. Çox zaman da haqsız çıxarılır, özü o divarın dağıntılarının altında qalır. Hər hərəkətində, hər qurduğu cümlədə, hər addımında kiməsə aid olduğunu unutmayan insandır qadın. Kiminsə qızıdır, kiminsə istəklisi, sevdiyi, nişanlısı, yoldaşı, gəlini və kiminsə anası… Cəmiyyət, onların qınaqları, düşüncələri belə istəyir çünki. Ağ kağızdır qadın. Nə atsan yapışar, yapışmasa da izi qalar. Bir şeylər qalar sonunda… Stress qalar, zədə qalar, qorxular qalar, inamsızlıq qalar…

Qadın olmaq

Uşaqlığından daim özünü qoruyan,  buna məcbur olan günahsızdır qadın. Küçədə arxasınca gələnmi var? Günahkarı qadındır. Haqqında artıq-əksik danışanmı var? Yenə səbəbkarı özüdür. Yoldaşındanmı ayrılıb? Yaxşı qadın dözərdi. Analarımız dözüb axı… səhv yenə ondadır. Gözükölgəli gəzər qadın.

Yoldaşı içmirsə, çəkmirsə bəxtəvərdir qadın, bəxtəvər olmalıdır. Başqa nə istəməlidir ki?  Bəxtəvərliyin ölçü vahidi, bəxtəvərlik anlayışı odur axı cəmiyyətin gözündə.  Riyakar olur qadın, yaşamadığı xoşbəxtliyi yansıdaraq. 3 qız övladı varsa, 4-cü övladı da qız doğularsa ağlayar qadın. Ən azından yaşadıqlarını övladı da yaşayacağı qorxusu ilə ağlayar qadın. Ən çox qarşıdakı günlərdə özünə yaşadılacaqlarını düşündüyü üçün ağlayar qadın.

Qız övladı kimi gözəl  nemətə sevinməyə imkan verməz cəmiyyət. Necə böyüdəcək onu? Necə qoruyacaq ikrah dolu baxışlardan, təzyiqlərdən, xəstə ruhlu insanların ifadə edilə bilməyən davranışlarından? Yenə sipər olur qadın onu qorumaq üçün bütün zərifliyi, bütün zəifliyi ilə.

Əslində necə gözəldir qadın olmaq…

Zər qədrini zərgər biliərsə əgər, doğru zərgərə rast gələndə, dəyər veriləndə, seviləndə necə qiymətlidir qadın… Bu zərgər qız, oğlan övladı arasında  fərq qoymayan cəmiyyətdir bəzən, qız şagirdinə həqiqi ata nəzəri, nəvazişi ilə yanaşan müəllimdir, son dayanacaqda endirmək üçün yalnız ikisi qaldıqları halda, güvən duyğusu aşılayan avtobus sürücüsüdür, cəmiyyətimizi formalaşdıran insanlardır.

Qadın olmaq

Cənnətin ayaqları altına sərildiyi müjdələnən insandır qadın. Seviləndə cənnəti bu dünyada sevdiklərinin yaşamasına vəsilə olan varlıqdır qadın. Özünü bəxtəvər hiss edəndə toxunduğu hər şeyi, hər yeri gözəlləşdirəndir qadın. O zaman imkan verək, gözəl yaşaması, gözəl yaşaya bilməyimiz üçün. İmtahandırsa bu dünyaya göndərilmə məqsədimiz, qadının imtahanından, ən əsası da  insanlıq imtahanından kəsilən tərəf olmayaq…

 

Müəllif: Röya Rasimqızı

Əvvəlki məqaləQız, yoxsa oğlan?
Növbəti məqalədəDünyanın ən seksual kürəyi – FOTOLAR