Dünyanın tanınmış modelyerləri hər il hansı rəngin dəbdə olmasına baxmayaraq, öz kolleksiyalarında hər zaman qırmızı rəngə önəmli yer verirlər. Rəng mütəxəssislərinin fikrincə, qırmızı – səmimiyyət, güc, ehtiras, şəhvət və eşq rəmzidir. Onlara görə, bu rəng insanı hadisələri aydınlaşdırmaqda daha sürətli qərarlar verməyə yönəldir. Heç təsadüfi deyil ki, xanımların əksəriyyəti gecə-mərasim libaslarını seçərkən onda qırmızı rəngin olmasına müsbət yanaşırlar. Çünki bu rəng diqqəti daha tez özünə cəlb edir. Hər halda, danılmaz reallıqdır ki, modelyerlər öz müştərilərinin rəyinə əsaslanaraq, qətiyyən qırmızı rəngdən imtina etmir, əksinə, ona böyük həvəslə yanaşırlar. Onlar belə hesab edir ki, qırmızı həm də unudulmazlığı ifadə edir. Maraqlıdır ki, 1940-50-ci illəri yenidən gözdən keçirdən “Prado” və “Dior” qırmızı rəngdə olan ətək və pencəklərə üstünlük verdikləri halda, yeni nəsil modelyerlər bu rəngin qarışıq modellərdə istifadəsini əsas götürürlər.
Hətta kişilər də qırmızı geyimli xanımları daha cəlbedici hesab edirlər. Hələ qədim Misirdə qadınlar cazibədar görünmək üçün dodaqlarını məhz qırmızı rəngdə boyayırmışlar. Amerikalı psixoloqlar 100 kişi üzərində qırmızı rənglə bağlı test keçiriblər. Onlara bəziləri qırmızı geyimdə olan qadın şəkilləri göstərərək kişilərin hansı qadını daha cazibəli hesab etdiklərinə dair dəyərləndirmə aparıblar. Nəticədə kişilərin qırmızı geyinən qadınlara daha çox meylli olduqları ortaya çıxıb. Onlar hətta bu rəngdə geyinən xanımlara pul xərcləməkdən çəkinmədiklərini bildiriblər. Xarici jurnalların birində nəşr olunan sorğu nəticələri də qırmızı geyinən qadınların kişilərə daha cazibədar göründüyünü təsdiqləyib. Bu rəngin uzun illərdən bəri çox diqqətçəkən olmasının hamıya məlum olduğu söylənsə də, bəzi kişilər nə üçün qırmızı geyinən qadınlara üstünlük verdiklərini hələ də anlaya bilmədiklərini deyiblər. Deməli, bu rəng həm də sirlilikdən xəbər verir. İnternetdə yer alan ekspert rəylərinə görə, qırmızı rəng özündə 3 elementi – qadağa, icazə və təhlükəni birləşdirir.
Dünya ulduzlarından Penelope Kruz, Cenifer Lopez, Eva Mendes və başqaları qırmızı rəngi üstün tuturlar.
Araşdırmalara əsasən, dünya xalqları içərisində Meksika, Norveç, İrlandiya, İraq sakinləri qırmızı rəngi çox sevirlər. Yəhudilər də qırmızı rəngə biganə olmayan xalqlar sırasına daxildir. Onların Qubada saldıqları “Qırmızı qəsəbə” də bəlkə bu faktı təsdiqləyən göstəricidir. Qəsəbədə olan evlərin dam və divarlarının qırmızı rəngdə olması onların bu rəngə daha çox önəm verdiklərini bildirir.
Ümumiyyətlə, bir çox xalqların qırmızı rənglə bağlı müxtəlif inancları var. Məsələn: çinlilər və vyetnamlılar toy zamanı və bayramlarda mütləq qırmızı geyinirlər, ətrafı da bu rəngdə bəzəyirlər. Onların inancına görə, bu rəng sevinc gətirir. Türkiyə türklərində qırmızının xüsusi önəmi var. Türkmən boylarının də çox əvvəldən bəri al rənglərdə geyimlər geyindikləri və köynəklərinin üst hissəsinin qırmızı rəngdə olduğu söylənilir. Oğuz qadınlarının paltarlarında da al-qırmızı rənglər çox istifadə olunub. Deyilənə görə, İranın Kirman vilayətində diqqət cəlb etdiyi üçün qadınlara qırmızı rəngdə paltar geyinmək qadağan edilib.
Qırmızı rəng yalnız moda dünyasında deyil, eyni zamanda, siyasət aləmində də məşhur olan rəngdir. Belə ki, bu rəng dünya səviyyəsində kommunizmi və solçuluğu ifadə edir. Tibbdə qan azlığından əziyyət çəkən, qan dövranı pozulmuş xəstələrə qırmızı geyinmək və bu rəngə çox baxmaq məsləhət görülür.
Modelyerlər al rəngdə geyim seçən xanımlara dəbdəbəli bəzək əşyalarından uzaq olmağı məsləhət görürlər. Bu rəngi qara və krem rəngləri çox yaxşı tamamladığı üçün xanımlar qırmızı geyimlərini həmin rənglərdə olan çanta və ayaqqabı ilə tamamlaya bilərlər. Qara rəngə üstünlük verən qadınlar da qırmızı bəzək əşyası taxmaqla öz görünüşlərini daha da cazibədar etmiş olarlar.
Mənbə: 525-ci qəzet
Müəllif: Günel MUSAYEVA