Tozsoran (və ya tozsoran maşın) — hava nasosunun köməyi ilə çirkləri və tozu sora bilən elektrik cihazıdır. Sorma zamanı toz maşının süzgəcində ilişib qalır. Tozsoran maşınları adətən döşəmələrin təmizlənməsi üçün tətbiq edilir.
Tozsoran maşınlar süpürgələrin daha da inkişaf etdirilməsi kimi başa düşmək olar. Üstünlüyü ondan ibarətdir ki, zibil hər iki istiqamətdə süpürülə və eyni zamanda götürülə bilər. Buna görə də vaxta qənaət emək olur. Digər tərəfdən müasir filtrlər az toz yaranmasına xidmət edirlər.Yaş halda sorma bir çox tekstil məmulatını, məslən xalçaları elə evdəcə təmizləmək imkan yaradır. Tozsoran maşınlar ixtira edildikdən sonra döşəmələrin tam xalçadan hazırlanması sürətlə yayılmağa başlayır. Mənfi tərəfi elektrik enerjisindən istifadə etməsidir.
Tozsoran maşınlar əsasən iki formada hazırlanırlar. Əl ilə sormaq üçün tətbiq edilən şlanklı və döşəmədə tozu alt hissəsindən soranlar var. Məişət və sənaye tozsaranları olaraq da qruplaşmalar mövcuddur. Sənaye tozsoranı istehsal sahələrində yaranan tozu, qırıntıları və başqa kiçik hissəcikləri soraraq iş yerində higiena yaradır.
Tozsoran növləri
- Quru Təmizləyici
- Sulu Təmizləyici (Yuyucu Tozsoranlar)
Quru təmizləyici tozsoranlar — Bu tozsoranlar tozun yığıldığı yerindən asılı olaraq 3 növə ayrılır:
- Toztorbalı tozsoranlar – Bu tip tozsoranda toz özəl torbaya yığılır. Bu tozsoran torbaları istifadəsinə görə birdəfəlik (kağız) və çoxdəfəli (parça) olur. Torbalı tozsoranların əsas üstünlüyü tozu yaxşı çəkmə özəlliyinə malik olmasıdır.
- Toztorbasız tozsoranlar – Bu tip tozsoranda toz özəl bir konteynerə (qaba) yığılır. Şəffaf plastik toz qabları ilə tozun dolmasına nəzarət etmək olur və toz hər istifadədən sonra asanlıqla təmizlənir. Tozun yığılmasında siklon filtr texnologiyasından (konteynerə girən hava fırlanaraq tornado effekti yaradır) işlədilir. Amma bu texnologiya tozsoranların daha çox səs çıxarmasına gətirir.
- Sulu təmizləyici (yuyucu tozsoran) – Bu tip tozsoranlarda toz xüsusi su çəninə (qab) yığılır. Su filtr rolunu oynayıb ən xırda toz zərrəciklərini belə suyun içərisinə sovurur. Bunun sayəsində sağlamlıq üçün vacib olan hava nəmləndirilməsi baş verir.
Sulu təmizləyici tozsoran (yuyucu tozsoranlar) — Bu tip tozsoranın quru və yaş təmizləmə funksiyası olub, xalça və döşəmələri quru və sulu təmizləmə, kafel və pəncərələri yumaq və başqa bu kimi işəri görür. İş prinsipi belədir: su çəninə (qab) su ilə birlikdə tökülən yuyucu ilə tozsoranın başlığı vasitəsilə yuyulan sahəyə püskürdülür. Bundan sonra su çirklə birgə geri yığılır.
Tarixi
1932-ci ildə Almaniyada tozsoran maşınların yeni növü ixtira edilir. Bu maşınlar fırçalarla işləyirdi. Maşının alt tərəfində yerləşdirilmiş üç ədəd fırça fırlanaraq döşəmədə olan tozları və iri ölçülü qırıntıları bir yerə yığaraq sorurdu. Bu maşınların hər bir ev əşyası üçün xüsu fırça ilə təmin olunmasına baxmayarq, onlar məişətdə öz geniş tətbiqini tapa bilməmişlər. Tozsoran maşınlarında bir sıra təkmilləşdirmələri nəzərə almaqla demək olar ki, onların inkişafı əsasən 30-cu illərin sonunda başa çatır. Bundan sonra yalnız yeni filtr materiallarının, daha güclü və davamlı mühərriklərin və müxtəlif başlıqların tətbiqi baş verir. Məişət texnikasında sonrakı keyfiyyət dəyişmələri II dünya müharibəsindən sonra elktronikanın tətbiqi ilə baş verir. Burada da sadəcə olaraq bəzi əməliyyatların proqramlaşdırlması aparılır.